13 noyabr 2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində ADA Universitetinin birinci kurs tələbəsi, Respublika Fənn Olimpiadasının medalçısı və “Oyun Yaradılması” üzrə mütəxəssis İsmayılzadə Murad Namiq oğlu ilə “IT & Games” mövzusunda görüş keçirildi. Görüşdə kollecin direktoru, professor Nasim Abışov, direktor müavini Könül Abdurrəhimova, “Kompüter texnologiyaları” fənn birləşmə komissiyasının sədri Səadət Şahbazova və kollecin tələbələri iştirak etdilər.
Kompüter oyunları texnologiyanın əyləncə sahəsindəki ən məşhur istifadələrindən biri olaraq adlandırıla bilər. Bu oyunları hər nə qədər kompüterləri bir əyləncə vasitəsinə çevirsə də özü etibarilə ofis proqramları, sənaye tətbiqləri, database proqramları kimi bir kompüter proqramıdır. Murad İsmayılzadə çıxışında qeyd etdi ki, IT oyunları tələbələrin biliklərinin formalaşdırması ilə yanaşı, bu oyunlardan istifadə onların biliklərinin möhkəmləndirilməsinə və praktika qazanmasına kömək edir. Oyun proqramlaşdırması kompüter oyunlarının ərsəyə gətirilməsi üçün nəzərdə tutulan proqramlaşdırma sahələrindən biridir və sadə dildə desək, oyun proqramçıları oyun sənayesi sahəsində fəaliyyət göstərən proqramçılardır. Oyun proqramlaşdırması daim inkişaf edən sahə olduğundan, o, kollec tələbələrinə tələb olunan oyun proqramçısı olmaq üçün texnoloji yenilikləri izləməyi, bilik və bacarıqlarını sistemli olaraq yeniləmələrini tövsiyə etdi.
Görüşün sonunda M.İsmayılzadə öz gələcək proyektləri və fəaliyyəti haqqında dinləyicilərə məlumat verdi.







